|
17 dekabr 2006-cı ildə Bakıda ÜÇÜNCÜ MİLLİ ROBOTLAR YARIŞMASI keçirildi. Yarışmanın birinci hissəsində şagirdlər nanotexnologiyanın cəmiyyətə, səhiyyə, kompüterlər və ətraf mühitə olan təsiri barədə tədqiqatlarını təqdim etdilər. İkinci hissədə isə əsas robot yarışları oldu. Komandalar iki-iki görüşdülər: bu zaman robotlar 2½ dəqiqə ərzində yarışma masası üzərində müxtəlif tapşırıqları yerinə yetirməklə mümkün qədər çox xal toplamalı idilər.
Ən çox xal toplamış 2 komanda finala vəsiqə qazandı və burada onlar Çempion adı uğrunda mübarizə apardılar.
Milli Çempionatın qalibi Lökbatandakı 139 nömrəli məktəbin “Lökbatan CEC” komandası oldu və qalib komanda Birminqem Universitetində 27 yanvar 2007-cı ildə keçirilən FIRST Lego Liqasının Britaniya Finalında yarışmaq üçün Birləşmiş Krallığa səfər etdi. Lökbatan məktəbinin şagirdləri Seynt Cozef’s məktəbindən olan komanda yoldaşları ilə birlikdə çempionatda iştirak edən 28 britaniyalı komanda arasında ilk səkkizliyə seçildilər. Bu, bizim komanda üçün böyük uğur oldu.
Bundan əlavə, 2006-cı ilin 15 və 16 dekabr tarixlərində Xəzər Enerji Mərkəzi və TİSA-da tərəfdaş məktəblərdən biri olan Kallinqton İctimai Kollecinin müəllimi Mayk Qrokot 200-ə yaxın azərbaycanlı şagird və müəllim üçün “Günəş bir ulduz kimi”, “Ulduz və qalaktikalar”, “Raketlər”, “Günəş sistemi” və bu kimi mövzularda məşğələlər keçmişdir.
|