«Qadınlara səs hüququ» qadınların ictimai və sosial həyatda iştrakını artırmaq məqsədilə bizim «Lider Qadınlar» qeyri-hökumət təşkilatı ilə birgə təşkil etdiyimiz layihədir.
Layihənin əsas məqsədi praktik bacarıqların təlimi proqramı vasitəsilə Azərbaycanlı və Britaniyalı mütəxəssislərin təcrübə mübadiləsinə, qadın hüquqlarının təbliğinə və həmçinin liderlik potensiallı gənc qadınların inkişafına nail olmaqdır.
2002-ci ilin iyul ayında «Lider Qadınlar» QHT Britaniyadan bir qrup qadın ictimai xadimlərinin Azərbaycan qadınları ilə ikitərəfli və faydalı əlaqələr yaratmaq, qadınların cəmiyyətin bütün sahələrində bərabər təmsil olunması təcrübələri ilə bölüşmək və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədi ilə Bakıya səfərinə köməklik göstərmək üçün bizə müraciət etmişdir.
Təklifi qəbul edərək 2003-cü ilin mart ayında biz üç Britaniyalı qadının səfərini təşkil etmişik. Azərbaycana səfərə gəlmiş qadınların arasında Uelsin Bərabər İmkanlar Komissiyasının direktoru Keyt Benett, Uels Parlamentinin üzvü Kristin Çəpmən, Gender və Demokratiya məsələləri üzrə məsləhətçi və treyner Məri Ən Stefenson idi. Bu səfər «Qadınlar: Cəmiyyət və siyasət» konfransında azərbaycanlı və britaniyalı qadın lider və fəallar arasında əlaqələri möhkəmləndirmək və təcrübəni bölüşmək üçün bir fürsət idi.
2003-cü ildə böyük müvəffəqiyyət qazanmış konfransımızın davamı kimi Britaniya Səfirliyi, «Lider Qadınlar» QHT və Birləşmiş Krallıqdan olan tərəfdaşımız «Əktiv Löninq Sentr» (Active Learning Centre) ilə birlikdə layihənin növbəti təlim mərhələsini təşkil etdik.
Uğurlu ictimai kampaniyanın təşkili, media və KİV ilə münəsibətlər, təqdimat bacarığı, qanunvericilik - bunlar təlimatçıların əhatə etdiyi mövzulardan ancaq bir neçəsidir. İki mərhələli kurs 10-18 mart 2004 il tarixlərində Bakıda keçmişdir. Qırx iştirakçı təlimlərin birinci mərhələsindən on təlimatçı ilə birlikdə keçərək, daha sonra xüsusi təlimatçı hazırlama mərhələsində iştirak etmişdi.
Bu təlimatçıların daha sonra 200-dən çox iştirakçıya təlim keçilməsi nəzərdə tutulmuşdu. Proqram qanunvericilikdə qadın hüquqlarını təbliğ edə biləcək, təlimdən keçmiş və ictimai həyatda fəal olan qadınların birliyini inkişaf etdirməyə kömək edir.
|