Siz Böyük Britaniya universitetlərində təhsil almısınız? Birləşmiş Krallıqla əlaqələrinizi genişləndirmək və həm peşəkar, həm də sosial birliyin üzvü olmaq istərdinizmi? Elə isə, yenicə açılmış Azərbaycan-Britaniya Məzunlar Birliyinə (ABMB) qoşulun!
ABMB Böyük Britaniyada müxtəlif təhsil və təlim proqramlarını bitirən azərbaycanlı mütəxəssislərin şəbəkəsidir. Birlik 23 sentyabr 2005-ci il tarixində yaradılmışdır. Bu şəbəkə British Council, BP və Britaniya Səfirliyi tərəfindən dəstəklənir. ABMB-nin məqsədi Britaniyada təhsil almış və öz aralarında əlaqə saxlamaq arzusu olan məzunların effektiv şəbəkəsini yaratmaq və inkişaf etdirməkdən ibarətdir.
ABMB-yə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Çivninq Təqaüd Proqramını, Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilən Çivninq Təqaüd Proqramını, Con Smit Təqaüd Proqramını, Hornbi Təqaüd Proqramını bitirən 50-dən artıq azərbaycanlı mütəxəssis qoşulmuşdur. Bu proqramlardan əlavə öz hesabına Britaniyada peşəkar təhsil proqramlarını bitirən məzunlar da ABMB-yə qoşula bilərlər.
ABMB məzunların özləri tərəfindən idarə olunur. Şəbəkə Azərbaycanda və Britaniyada peşəkar əlaqələr yaratmaq, potensial işgüzar münasibətlər qurmaq, seminarlar, təlimlər, konfranslar keçirmək, üzvlərinin müəyyən proqramlarda iştirakı üçün təqaüdlər ayırmaq, ölkə daxilində islahat proseslərində yardımçı olmaq (elmi tədqiqatlar, layihələr, mütəxəssis dəstəyi və sair vasitəsilə), məzunların işlə təmin olunmalarında kömək etmək, müxtəlif təhsil proqramlarının yeni iştirakçıları üçün ümumi məlumat, istiqamət vermək və digər fəaliyyətləri həyata keçirmək niyyətindədir.
ABMB Britaniyada təhsil almış məzunların öz aralarında əlaqə saxlamaları, Birləşmiş Krallıqla əlaqələrini genişləndirmələri, peşəkar inkişaflarında dəstək almaları üçün əla fürsətdir. ABMB həmçinin sosial şəbəkələşməyə, məlumat mübadiləsinə, işgüzar əməkdaşlığa və qarşılıqlı dəstəyə şərait yaradır.
Böyük Britaniyada müxtəlif təhsil proqramlarında iştirak etmiş və bu şəbəkəyə qoşulmaq arzusu olan azərbaycanlı mütəxəssislər bizim Təhsil şöbəsi ilə əlaqə saxlaya bilərlər.
|