Con Smit Təqaüd Proqramında iştirak etməzdən əvvəl Britaniyada nələr yaşayacağım barədə təsəvvürüm az idi. Böyük Britaniyadakı qabaqcıl idarəetmə, demokratiya və böhranların həlli mənim üçün bir möcüzə idi və mən hər zaman onları öyrənmək istəyirdim. Buna görə də mən bu təklifi aldığım zaman qarşımda müəyyən maneələr olsa da, tərəddüd etmədən onu qəbul etdim.
2007-ci il iyunun 5-də Edinburqa çatanda məndən başqa daha iyirmi üç liderin 2007-ci ilin Con Smit Təqaüd Proqramında iştirak etmək üçün Şotlandiyaya gəldiyini gördüm. Onlar Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya və Ukraynanı təmsil edirdilər. Orada bizim 24-müz də mərkəzi və yerli hakimiyyət arasında əlaqə və yerli özünüidarə haqqında öyrəndik. Bundan başqa Şotlandiya Parlamentinin üzvləri və sədri ilə görüşlərimiz oldu və Şotlandiya hökumətinin başçısının Parlament üzvlərinin suallarına cavab verməsini izlədik. Ən maraqlı səfərlərimizdən biri Şotlandiya Parlamentini ziyarətimiz oldu. Yeni seçilmiş sədr Aleks Ferguson bizi parlamentdə salamladı və bizim üçün keçirdiyi təqdimatda Şotlandiya Parlamenti, özünün sədr kimi rolu və bu vəzifəyə seçilməsi barədə danışdı. Biz həmçinin Edinburqda demokratiya, qabaqcıl idarəetmə və vətəndaş cəmiyyətinə həsr olunmuş seminarlar silsiləsində iştirak etdik.
Londona gəldikdən sonra mənim xüsusi ehtiyac və maraqlarıma görə tərtib olunmuş individual görüşləri və praktikanı əhatə edən iki həftəlik əlavə proqram başladı. Con Smit Fondunun təşkil etdiyi çox gözəl planlaşdırılmış bu əlavə proqram mənə Böyük Britaniyanın böhranların həlli sektorunun əksər hissəsi ilə tanış olmaq imkanı verdi. Mənim əlavə proqramıma Hom Ofisə (Britaniyanın Daxili İşlər Nazirliyi), Britiş Petroleum şirkətinə, Kent Əyalət Şurasına Vestminsterə, London Yanğınsöndürmə Briqadasına səfərlər və böhranların həlli üzrə peşəkar mütəxəssislərlə bəzi əhəmiyyətli görüşlər daxil idi. Bundan başqa mənim Parlament üzvü Tom Breyklə görüşmək imkanım da oldu. Məni bir şey müsbət mənada çox təəccübləndirdi: o, Parlamentin üzvü ola-ola ictimai nəqliyyatdan istifadə edir! Bu mənim öz ölkəmdə heç zaman görmədiyim bir şey idi.
Böyük Britaniyada keçirdiyim beş həftə mənim həyatımda istər şəxsi, istərsə də peşəkar nöqteyi-nəzərdən əsl dönüş nöqtəsi oldu. Beynəlxalq mühitdə yaşamaq və keçmiş Sovet İttifaqı ölkələrindən olan gələcək liderlərlə ünsiyyətdə olmaq mənim bir çox məsələlərə şəxsi baxışlarımı dəyişdi və istər şəxsi, istərsə də praktik təcrübəmi artırdı. Bu həmçinin mənə öz gələcək perspektivlərimi genişləndirməyə kömək etdi. Ən nəhayət, Con Smit təqaüdçüsü olmaq çoxlu yeni dostlar qazanmaq və güclü bir qardaşlıq icmasının tərkib hissəsi olmaqdan doğan gözəl hisslər deməkdir.
Fikirlərimi ümumiləşdirərək, məni bu təqaüdə layiq gördükləri və beləliklə də məni Con Smit təqaüdçüsü etdikləri üçün Con Smit Xatirə Fonduna, British Council-a və Böyük Britaniyanın Ədliyyə Nazirliyinə öz minnətdarlığımı ifadə etmək istərdim.
|